Azərbaycan ABŞ-da ali audit orqanlarının tədbirində təmsil olunub

Azərbaycan ABŞ-da ali audit orqanlarının tədbirində təmsil olunub

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti (UNDESA) və Braziliya Hesablama Məhkəməsinin birgə təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində “Milli iqlim fəaliyyətinin qiymətləndirilməsinə ali audit orqanlarının cəlb edilməsi” mövzusunda keçirilmiş beynəlxalq tədbirdə iştirak edib.

"Birxeber.Az" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə iqlim dəyişikliyi ilə əlaqədar Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən görülər işlər, “İqlim Skaneri” (Climate Scanner) layihəsi və onun çərçivəsi barədə məlumat verilib. Həmçinin iqlim dəyişikliyi təsirlərinin azaldılması istiqamətində fəaliyyətlərin qiymətləndirilməsi, ortaya çıxan öhdəliklər və çağırışlar mövzularında müzakirələr aparılıb, çıxış və təqdimatlar edilib.

Tədbirdə çıxış edən Hesablama Palatasının nümayəndəsi ilk olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda keçiriləcəyini bildirib. O, həmçinin çıxışında hökumətin milli iqlim və ətraf mühitlə bağlı fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsi üçün Palatanın keçirdiyi nəzarət tədbirlərindən bəhs edilib. Həmçinin milli iqlim və ətraf mühitlə bağlı fəaliyyətdə bir sıra çətinliklərdən danışılıb, Azərbaycanın dünyanın mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğu, işğaldan azad olunmuş ərazilərin, həmin ərazilərdə meşələrin və bütövlükdə ekosistemin bərpası fəaliyyəti üçün böyük resursun tələb edildiyi vurğulanıb.

Eyni zamanda, milli iqlim fəaliyyətinin qiymətləndirilməsi zamanı hər bir ali audit orqanının rastlaşa biləcəyi çətinliklərə də toxunulub. İqlim fəaliyyəti sahəsində strateji idarəetmə çərçivəsinin olmasının və iqlim probleminin dövlət maliyyə idarəetmə sistemində nəzərə alınmasının vacibliyindən, iqlim fəaliyyəti ilə bağlı məlumatların çeşidi, vaxtında təqdim olunmasının, iqlim fəaliyyətinin qiymətləndirilməsi üzrə kadr potensialının formalaşdırılmasının zəruriliyindən bəhs edilib.

Səfər çərçivəsində V.Gülməmmədov INTOSAI təşkilatının sədri, Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantas və INTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun Katibliyin nümayəndəsi ilə görüş keçirib. Görüşdə COP29 və ölkələrin milli iqlim fəaliyyətlərinin qiymətləndirilməsi üzrə əlaqədar məsələlər müzakirə edilib.