Avropa Polis Agentliyinin rəhbərlərinin şəxsi işləri yoxa çıxıb

Avropa Polis Agentliyinin rəhbərlərinin şəxsi işləri yoxa çıxıb

Avropa Polis Agentliyinin (Europol) icraçı direktoru Katrin de Boll və onun üç müavininin şəxsi işləri təşkilatın Haaqadakı mənzil-qərargahından yoxa çıxıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Qeyd edilib ki, agentliyin təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması təşkilat daxilində etimadı sarsıdıb və baş verənlərlə bağlı genişmiqyaslı araşdırmaya səbəb olub.

Baş verən hadisədən sonra agentliyin insan resursları şöbəsinin rəhbəri Massimiliano Bettina vəzifəsindən kənarlaşdırılaraq inzibati məzuniyyətə göndərilib.

Məlumata görə, rəhbərliyin məxfi məlumatları ehtiva edən şəxsi işlərinin çap olunmuş nüsxələri ötən ilin payızında itib. Rəsmilər agentliyin bütün sənədlərini yoxlayanda bir sıra digər sənədlərin də çatışmadığını aşkar ediblər.

Bildirilib ki, itmiş nüsxələrin bəziləri daha sonra onları polis bölməsinə gətirən Haaqa sakini tərəfindən ictimai yerdə tapılıb.

Haaqa polisinin sözçüsü Stiven van Santen bildirib ki, Haaqa polisi “Europol”un davam edən daxili təhqiqatı ilə bağlı bəzi işlərinə cəlb olunub.