Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

Naxçıvan Muxtar Respublikası hökumətinin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Məlumata görə, hesabatla bağlı son iclas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsində keçirilib.

Komitənin sədri İsa İsayev gündəlikdə duran məsələni - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını diqqətə çatdırıb.

Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev Nazirlər Kabinetinin hesabatının ilk dəfə olaraq Ali Məclisin komitələrində müzakirəsini yüksək qiymətləndirib, bunu qurumlar arasında idarəetmənin təkmilləşdirilməsinin nəticəsi kimi dəyərləndirib.

Həmçinin, hesabatda büdcə xərcləri ilə bağlı struktur bölgünün, sənaye sahəsinin ötən il üzrə müqayisəsinin verilmədiyini, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, ünvan reyestrinin ümumiyyətlə qeyd olunmadığı və nəzərə alınmasını diqqətə çatdırılıb.

Müzakirələrin sonunda gündəlikdə duran məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunduqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı irad və təkliflər nəzərə alınmaqla Ali Məclisin müzakirəsinə tövsiyə olunub.