Nazirlik rəsmisi: “İdmançılarımız ölkə çempionatında hazırlıq səviyyələrini artıracaqlar”

Nazirlik rəsmisi: “İdmançılarımız ölkə çempionatında hazırlıq səviyyələrini artıracaqlar”

“İdmançılarımız ölkə çempionatında hazırlıq səviyyələrini daha da artıracaqlar”.

“Report” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva atletika üzrə Qış Azərbaycan çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazirlik rəsmisi bildirib ki, bu yarışın əhəmiyyəti böyükdür: “Qarşıdan Yay Olimpiya Oyunları gəlir. İndiki yarış da olimpiadaya hazırlıq xarakteri daşıyır. Eyni zamanda ölkə çempionatı bu il keçiriləcək dünya və Avropa çempionatlarına seçim şansı yaradır”.

O, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızı idmançılarının turnirə qatıldıqlarını xatırladıb: “Bu da onu göstərir ki, həm bölgələrimizdə inkişaf gedir, həm də çempionatda rəqabət olacaq. Atletlərimizin birlikdə mübarizə aparmaları onların təcrübələrini daha da artıracaq. Bu yarışlarda uğurlu nəticələrin şahidi olacağımıza inanıram”.

Qeyd edək ki, 140 atletin mübarizə apardığı Qış Azərbaycan çempionatı yanvarın 27-də başa çatacaq.