Kobaxidze Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

Kobaxidze Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

Gürcüstan Cənubi Qafqazda sabitliyi və dinc birgəyaşayışı qətiyyətlə dəstəkləyir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu İrəvanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze həmkarı Nikol Paşinyanla görüşündən sonra mətbuata birgə açıqlamasında deyib.

O, Azərbaycanla Ermənistan arasında sülh prosesinin pozitiv dinamikasının qalacağına, həmçinin bu prosesin sülh sazişinin imzalanması ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.

"Biz regionda gedən proseslərlə bağlı ətraflı söhbət etdik, regionumuzun üzləşdiyi problemlərin həllində birgə səylərimizin vacibliyini vurğuladıq. Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikasını qoruyacaq və nəticədə müvafiq razılaşma imzalanacaq. Gürcüstan regionumuzda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı proseslərdə öz müsbət rolunu oynamağa hazırdır”, - Kobaxidze deyib.