Bolqarıstan millisinin baş məşqçisi: Azərbaycan yığması Monqolustanla matçda layiqli qələbə qazanıb

Bolqarıstan millisinin baş məşqçisi: Azərbaycan yığması Monqolustanla matçda layiqli qələbə qazanıb

Azərbaycan millisi Monqolustanla matçda layiqli qələbə qazanıb.

"Report"un məlumatına görə, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev "FIFA series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: "Azərbaycanın Monqolustan millisi ilə oyununu izləmək imkanım olmadı. Yalnız sonradan matçın epizodların izləyə bildik. Amma onlar dominant oyun sərgiləyərək, layiqli qələbə qazanıblar".

O, Bolqarıstanda çıxış edən azərbaycanlı futbolçu Cəlal Hüseynov barədə fikirlərini bildirib: "Əlbəttə, onu tanıyıram. İstedadlı futbolçudur".

Baş məşqçi Azərbaycan millisinin Bolqarıstanla matçlarda uğursuz seriyası ilə bağlı danışıb: "Əminəm ki, bu turnir bizə kömək olacaq. Rəqibin oyunlarını izləmişik. Güclü və zəif tərəflərini bilirik. Bu seriyanın davam edəcəyinə inanıram".

İ.İliyev sabahkı oyunda uğursuzluğun tənqidə səbəb ola biləcəyi haqda sualı şərh edib: "Serbiya və Macarıstanla matçlarda pozitiv oynadıq. Tanzaniyaya qarşı da yaxşı çıxış etdik. Tənqidlər faktlar üzərində qurulur. Sabahkı matçda xarakter göstərəcəyik. Təkcə nəticə üzərində fikir yürütmək olmur. Bu haqda düşünmürük".

Mütəxəssis Bakıdakı şərait və stadion haqqında fikirlərini bildirib: "Təşkilatçılıq yüksək səviyyədədir. Yarışa qatılmaq şərtimiz Bakıda hər şeyin peşəkar səviyyədə təşkil olunması idi. Biz bunu gördük. Azərbaycan yaxşı iş görür".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 25-də Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.