Türkmənistan XİN Moskva vilayətindəki terror aktını pisləyib

Türkmənistan XİN Moskva vilayətindəki terror aktını pisləyib

Türkmənistan Moskva vilayətindəki terror aktını pisləyib və həlak olmuşların yaxınlarına başsağlığı verib.

Bu barədə “Birxeber.Az”a Türkmənistanın Xarici İşlər Nazirliyindən bildirilib.

“Türkmənistan 22 mart 2024-cü il tarixində Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktını qətiyyətlə pisləyir. Mərhumların ailələrinə və yaxınlarına başsağlığı və dəstəyimizi bildiririk. Bütün yaralılara şəfa diləyirik”, – xarici siyasət idarəsi qeyd edib.

Xatırladaq ki, martın 22-də Azərbaycan XİN Rusiyaya başsağlığı verib.

Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 60-dan çox insan ölüb, 147 nəfər yaralanıb.

Rusiya Prezidenti “Krokus siti holl”a hücumla bağlı rusiyalılara müraciət etməyib. “RİA Novosti” müraciətin anonsunu versə də, sonradan elanı “texniki xəta” adlandırıb.