Elvin Abbasov: Azərbaycanda internetin illik sürəti 35% artıb

Elvin Abbasov: Azərbaycanda internetin illik sürəti 35% artıb

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın fevral ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 37,32 Mbit/s-i keçib. Bu, illik sürətin 35% artımı deməkdir. Azərbaycanda internetin sürətinin artmasının əsas səbəbi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində aparılan infrastruktur işləridir.

Bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ildən başlayan layihə çərçivəsində ölkədə mövcud ev təsərrüfatlarının və biznes subyektlərinin 71%-nin, Bakı şəhəri üzrə isə 84%-nin genişzolaqlı internetə çıxış imkanı yaradılıb:

“2024-cü ilin yanvar ayında 70 min, fevral ayında 94 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 2,1 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı var”.