“Reuters”: Tramp Çin hökumətində təşviş yaratmaq üçün MKİ əməliyyatının keçirilməsinə təşəbbüs göstərib

“Reuters”: Tramp Çin hökumətində təşviş yaratmaq üçün MKİ əməliyyatının keçirilməsinə təşəbbüs göstərib

Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən iki il sonra Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Çin hökumətinə qarşı mənfi ictimai rəy yaratmaq məqsədilə sosial şəbəkələrin Çin seqmentində gizli kampaniya başlamağı əmr verib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyinə məxfi əməliyyatda bilavasitə iştirak edən 3 keçmiş amerikalı məmur məlumat verib.

Mənbələr bildiriblər ki, MKİ internetdə saxta profillərdən istifadə edərək Si Cinpin hökuməti haqqında mənfi məlumatlar yayan, xarici xəbər agentliklərə onlarla bağlı alçaldıcı məlumatlar sızdıran kiçik bir əməliyyat qrupu yaradıb.

İki keçmiş məmur deyib ki, Çin daxilindəki səylər ölkənin yüksək səviyyəli liderləri arasında təşviş yaratmaq, hökuməti Çinin sıx nəzarət edilən internet məkanına müdaxilələrlə mübarizə üçün resursları xərcləməyə məcbur etmək məqsədi daşıyırdı.

“Biz onların “ruhlar”ın arxası ilə qaçmalarını istəyirdik”, - onlardan biri “Reuters” agentliyinə bildirib.

Qeyd olunub, MKİ əməliyyatı Çinin qlobal təsirini genişləndirmək üçün uzunmüddətli gizli səylərinə cavabdır.

“Reuters”də dərc olunan məqalədə vurğulanıb ki, Donald Tramp prezidentliyi dövründə Çinə sələflərindən daha sərt cavablar verməyi təklif etmişdi.