“Beşiktaş”ın idman direktoru “Qarabağ”ın futbolçusunu bəyənib

“Beşiktaş”ın idman direktoru “Qarabağ”ın futbolçusunu bəyənib

Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Juninyonu bəyənib.

“Birxeber.Az”un yerli mətbuata istinadən məlumatına görə, mütəxəssis braziliyalı hücumçunun İstanbul təmsilçisinə xeyir verəcəyini düşünür.

Azərbaycan çempionunun UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04”lə Almaniyada keçirdiyi oyunu tribunadan izləyən Aybaba 27 yaşlı forvardın performansından məmnun qalıb. O, rəhbərliyə Juninyo ilə bağlı müsbət raport təqdim etmək qərarına gəlib.

“Ağ-qaralar” mövsümün sonunda keçidi reallaşdırmaq üçün “Qarabağ”la danışıqlar aparacaq. Juninyonun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir. Forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, “Qarabağ”ın “Bayer 04”ə 2:3 hesabı ilə məğlub olduğu matçda Juninyo bir qola imza atıb.