Kolinda Qrabar-Kitaroviç: 2024-cü il Ukraynadakı müharibə üçün həlledici olacaq

Kolinda Qrabar-Kitaroviç: 2024-cü il Ukraynadakı müharibə üçün həlledici olacaq

NATO və Aİ-yə üzvlük hər bir ölkənin suveren hüququdur və ölkələr istədiyi halda və tələb olunan şərtlərə cavab verdikdə, bu alyanslara üzv ola bilər.

Birxeber.Az xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunda Xorvatiyanın sabiq Prezidenti, NATO Baş katibinin köməkçisi və GPMB-nin həmsədri Kolinda Qrabar-Kitaroviç deyib.

"Ukrayna da öz suveren hüququndan istifadə etmək istədiyi üçün Rusiyanın təcavüzünə məruz qalır", - eks-prezident bildirib.

O qeyd edib ki, 2024-cü il Ukraynadakı müharibə üçün həlledici il olacaq. Sabiq prezident bu müharibənin gedişatı ilə bağlı müxtəlif ssenarilərin olduğunu, hətta Rusiyanın uğur qazanması ehtimalını istisna etməyib:

"Əgər Moskva bu təcavüzkar müharibədə uğur qazanarsa, necə olacaq? Təbii ki, onun ekspansionist siyasəti davam edəcək".

Xorvatiyanın sabiq prezidenti 2024-cü ili həlledici edən digər məqamın ABŞ-dakı prezident seçkilərinin olduğunu deyib: “Əgər Donald Tramp seçilərsə, Transatlantik əlaqələr necə olacaq? Bunu proqnozlaşdırmaq çətindir. O, NATO-ya, Ukraynanın suverenliyinə və hüquqlarına inanmır, amma eyni zamanda, Avropadakı NATO müttəfiqlərini müdafiə sektoruna daha çox vəsait ayırmamaqda ittiham edir. Ancaq ümumilikdə hesab edirəm ki, NATO Avropanın müdafiəsi üçün əsas mexanizm olaraq qalacaq. Amma Avropa da öz müdafiəsinə və bu sahədə müstəqilliyinə diqqəti artırılmalıdır. Çətinliklərə baxmayaraq, mən optimistəm, amma biz çəkindirmə siyasətimizi gücləndirməliyik”.