BMT Baş katibinin müavini: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq

BMT Baş katibinin müavini: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT ilə birgə fəaliyyət məsələləri müzakirə olunub.

BMT-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, ölkəmizin təşkilat, o cümlədən onun ixtisaslaşmış orqanları ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran baş katibin müavini BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılan “Gələcəyin Sammiti” tədbiri barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.