İspaniya parlamenti Kataloniya separatçılarına amnistiya haqqında qanunu təsdiqləyib

İspaniya parlamenti Kataloniya separatçılarına amnistiya haqqında qanunu təsdiqləyib

İspaniya parlamentinin aşağı palatası Kataloniya separatçılarına amnistiya haqqında qanun layihəsini təsdiqləyib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qanun layihəsinin lehinə 178 nəfər səs verib, 172 deputat bunun əleyhinə çıxıb.

İndi qanun layihəsi mühafizəkarların çoxluq təşkil etdiyi Senat tərəfindən də qəbul olunmalıdır. Mühafizəkar Xalq Partiyası isə artıq sənədin qəbulunun qarşısını almağa çalışacaqlarını bəyan edib.

Lakin yuxarı palata veto qoysa belə, aşağı palata bunu ləğv edə bilər.

Pedro Sançesin başçılıq etdiyi azlıq hökuməti mübahisəli qanun layihəsi üzrə konsensusun kiçik Kataloniya partiyaları ilə ittifaqı gücləndirməyə kömək olacağına ümid edir.

Xatırladaq ki, amnistiya haqqında qanun 2012-ci ildən bu yana Kataloniyanı İspaniyadan ayırmağa cəhddə ittiham olunan və ya ittiham oluna biləcək katalon separatçıların əksəriyyətinin hüquqi məsuliyyətdən azad edilməsini nəzərdə tutur.