Sərvan Cəfərov: "Aqrar sahədə tətbiq edilən innovasiya məhsuldarlığı və gəlirləri artırır"

Sərvan Cəfərov: "Aqrar sahədə tətbiq edilən innovasiya məhsuldarlığı və gəlirləri artırır"

Aqrar sahədə tətbiq edilən hər bir innovasiya məhsuldarlığı və gəlirləri artırır, nəticə etibarı ilə bu sahənin daha sürətli inkişafını təmin edir.

"Birxeber.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

"Müasir şəraitdə kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi bu sahədə innovasiyaların mənimsənilməsi ilə bağlıdır. Kənd təsərrüfatının innovasiyalı inkişafı aqrar sahədə fəaliyyətlə bağlı dayanıqlı inkişaf məsələlərinin həllinə, ilk növbədə torpaq və su resurslarının qorunmasına və səmərəli istifadəsinə əlverişli imkanlar yaradır", - deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, kənd təsərrüfatında innovasiyaların geniş yayılması qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı həm də ekoloji tarazlığın gözlənilməsinin mühüm amilləri sırasına daxil edilir: "Bu istiqamətdə hədəfimiz maksimum innovativ metod və üsullardan istifadə olunmaqla aqrar sektorun fəaliyyətinin təşkilidir. Təbii ki, hər bir innovasiyanın, o cümlədən müasir suvarma sistemlərinin tətbiqi üçün müəyyən infrastruktur həllərinə ehtiyac var. Belə ki, idarəolunan suvarma sistemlərinin tətbiqi genişləndirilməsi üçün torpaqların konsolidasiyasının aparılmasına, qapalı şəbəkə vasitəsilə təziyiqli suyun verilməsinı və s. bu kimi tədbirlərin görülməsinə ehtiyac var".