Çin Hindistan Baş nazirinin mübahisəli regiona səfərini pisləyib

Çin Hindistan Baş nazirinin mübahisəli regiona səfərini pisləyib

Çin hökuməti Hindistan Baş naziri Narendra Modinin dövlətlərarası sərhədin mübahisəli hissəsində yerləşən Arunaçal Pradeş ştatına səfəri ilə əlaqədar Hindistana diplomatik etirazını bildirib.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

“Çin bundan qəti şəkildə narazıdır və Hindistan liderinin Çin-Hindistan sərhədinin şərq hissəsinə səfərinə qəti şəkildə qarşıdır. Çin və Hindistan arasında sərhəd məsələsi hələ də həllini tapmayıb. Hindistanın Çinin Tszannan (Arunaçal Pradeş ştatının Çin adı -0 red.) ərazisindən özbaşına istifadə etmək hüququ yoxdur”, - “Bloomberg” agentliyi Çin XİN-in sözçüsündən sitat gətirib.

Qeyd edək ki, Hindistan Baş naziri martın 9-da Arunaçal Pradeş ştatında olub və burada Sela tunelinin açılış mərasimində iştirak edib. Obyektin tikintisi regionun nəqliyyat əlçatanlığını yaxşılaşdırmaq və turistlər üçün daha cəlbedici etmək üçün nəzərdə tutulub. “Bloomberg” qeyd edir ki, Sela tunelinin istifadəyə verilməsi Hindistan Silahlı Qüvvələrinin Çinlə sərhədə qoşun köçürməsini asanlaşdıracaq.

Xatırladaq ki, Hindistan və Çin arasında Himalay dağlarında demarkasiya edilmiş sərhəd yoxdur; iki ölkə onilliklər ərzində gərginlik mənbəyi olaraq qalan Faktiki Nəzarət Xətti ilə ayrılır. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal Pradeş ştatının bir hissəsini ələ keçirdiyini elan edib, 1962-ci ildə tərəflər arasında silahlı qarşıdurma baş verib və nəticədə Hindistana məxsus təxminən 38 min kv. km dağlıq ərazi Çinin nəzarətinə keçib.