Naxçıvan idmançıları Azərbaycan çempionatında 44 medal qazanıblar

Naxçıvan idmançıları Azərbaycan çempionatında 44 medal qazanıblar

Naxçıvan idmançıları MMA, pankration və qrepplinq üzrə Azərbaycan çempionatı və birinciliyində 44 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Birxeber.Az”un yerli bürosuna verilən məlumata görə, onlardan 16-sı qızıl, 15-i gümüş, 13-ü bürünc mükafat olub.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda Muxtar respublikanı Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 22 idmançısı təmsil edib. Röya Abdullayeva (54 kq) qrepplinqdə ölkə birincisi kimi builki Avropa çempionatında (U-17, U-20) iştirak hüququna yiyələnib. Dünya çempionu Azərbaycanın mayda ev sahibliyi edəcəyi qitə birinciliyində qüvvəsini sınayacaq.

Ümumilikdə ən yaxşı nəticələrə qrepplinq yarışlarında nail olunub - 10 qızıl, 5 gümüş, 4 bürünc medal. Əli Qəribov, Tunar Abdullayev, Tunar Hüseynli və Əbülfəz Cəfərov hərəyə 2 qızıl, Uğur Bağışov, Kənan Əhmədli, Ravil Alməmmədov, Nurəddin Əliyev, Rəhim Quluzadə, Əli Nəsrullayev, Rəvan Alməmmədov isə bir qızıl və müxtəlif əyarlı medallara sahib çıxıblar.

Qeyd edək ki, yarışda 65 komandadan 700-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.