KİV: Yaponiya hökumətinin reytinqi rekord səviyyədə aşağı düşüb

KİV: Yaponiya hökumətinin reytinqi rekord səviyyədə aşağı düşüb

Baş nazir Fumio Kisidanın rəhbərlik etdiyi Yaponiya hökumətinə dəstək rekord həddə - 20,1 %-ə düşüb.

"Birxeber.Az"un məlumatına görə, bunu "Kyodo" agentliyinin keçirdiyi ictimai rəy sorğusu sübut edir.

Ötən ilin dekabrında keçirilmiş əvvəlki sorğudan sonra bu göstərici 4,4 faiz bəndi itirib. Respondentlərin 64,4 faizi Nazirlər Kabinetinin fəaliyyətini dəstəkləmir ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,5 faiz çoxdur. Hakim Liberal Demokrat Partiyasının (LDP) fəaliyyətinin bəyənilmə səviyyəsi də 1,5 faiz bəndi azalaraq 24 %-ə düşüb. Bu, seçkilərin nəticələrinə görə LDP-nin Demokratlardan parlamentdə çoxluğu aldığı 2012-ci ilin dekabrından bəri ən aşağı göstəricidir.

Hökumətin və LDP-nin reytinqlərinin aşağı düşməsinin əsas səbəbi siyasi ianələrlə bağlı xəbərlərin verilməsində saxtakarlıqla bağlı partiyada yaranan böyük qalmaqal olub. “Kyodo”nun sorğusunda iştirak edən respondentlərin 77 %-dən çoxu hesab edir ki, partiyadaxili fraksiyaların rəhbərləri bu pozuntulara görə ciddi cəzalandırılmalıdır.

Sorğu 9 və 10 mart tarixlərində stasionar və mobil telefonlar vasitəsilə təsadüfi seçmə üsulu ilə aparılıb. İştirakçıların sayı təxminən 1 min nəfər olub.

Xatırladaq ki, Yaponiyada hakim partiya ilə bağlı qalmaqal 2023-cü ilin sonunda böyüyüb. LDP-də (fraksiyalarda) partiyadaxili deputat qrupları öz üzvlərinə pullu iclaslara bilet satmaqla vəsait toplamaq üçün standartlar müəyyən edib. Fraksiya üzvlərindən biri müəyyən edilmiş normadan artıq olarsa, norma ilə faktiki toplanmış məbləğ arasındakı fərq maliyyə hesabatlarında müvafiq əks olunmadan ona geri qaytarılmalı idi.