Bakının 502 küçəsi yuyulub - YENİLƏNİB

Bakının 502 küçəsi yuyulub - YENİLƏNİB

Bu gün, martın 9-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 502 əsas küçə və prospektlərinin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməclikdə yaxından iştirak ediblər.

İməclik paytaxtın bütün rayonlarını əhatə edib.

***

11.57

Yaz mövsümünün başlanması və Novruz Bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməcliyi keçirilib.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclikdə şəhərin kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

Meriyanın çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.
Bakı Şəhər kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.