Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə “Dinlərarası harmoniya” festivalı keçiriləcək

Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə “Dinlərarası harmoniya” festivalı keçiriləcək.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, ölkədə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna Şüuru və digər dini qurumların fəaliyyətini əks etdirən fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş etdiriləcək.

Festival martın 8-də Nigar Rəfibəyli 12/14 ünvanında yerləşən “Passage 1901” restoranında saat 15:00-dan 20:00-dək davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, festivala 8-10 mart tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Bakı şəhərində keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak edəcək xarici qonaqların da qatılacağı gözlənilir.