Azərbaycanda hüquq-mühafizə orqanlarında qadın işçilərin sayının artırılması təklif olunur

Azərbaycanda hüquq-mühafizə orqanlarında qadın işçilərin sayının artırılması təklif olunur

Hüquq-mühafizə orqanlarında qadın işçilərin sayı artırılmalıdır.

"Birxeber.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda polis orqanlarında qadınları işə götürürlər: "Düzdür, əvvəllər yalnız kişilərin polis orqanlarına işə qəbulu ilə bağlı elan verilirdi. Biz də bu standartları kimin qoyduğu ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Axı qadınlar Polis Akademiyasına niyə daxil olmamalıdır? Ancaq bu gün polis orqanlarında qadınların sayı artmaqdadır".

Dövlət Komitəsinin rəsmisi bildirib ki, hazırda Azərbaycanda 4 qadın prokuror var: "Bu gün məişət zorakılığı ilə bağlı problemlər var. Məsələn, qadın polisə müraciət edərkən ailə problemləri ilə bağlı kişi polislə danışmalıdır. Təbii ki, kişi polis də streotip nöqteyi-nəzərdən kişini müdafiə edər. Təəssüflər olsun ki, çox vaxt qadın və kişini barışdırırlar. Nəticədə qadın ailəsinə qayıdır və məişət zorakılığı cinayətlərinin şahidi oluruq. Ona görə də güc strukturlarında qadınların işləməsinə ehtiyac var".