Monqolustanda güclü zəlzələ olub

Monqolustanda güclü zəlzələ olub

Bu gün Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 km aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Qeydə alınan zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 km cənub-şərqdə və Baykal rifi zonasının cənub-qərbində yerləşən Xubsuqul gölündən təxminən 336 km cənubda yerləşib.

Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası (Medvedyev-Şponhoyer-Karnik şkalası- Qeyd) üzrə 7,6 bal olub.

Alimlərin fikrincə, Avrasiya və Amur tektonik plitələrinin ayrıldığı Baykal rifi zonasının uzunluğu təxminən 2 min km-dir. Onun mərkəzi hissəsində Baykal gölü, cənub-qərbdə - Xubsuqul gölü (Monqolustan), şimal-şərqdə - Baykal-Amur magistral xəttinin (BAM) keçdiyi dağlıq bölgə var.

Baykal rifinin seysmik aktivliyində artım 2020 - 2022-ci illərdə müşahidə edilib, sonra 2023-cü ilin sonunda bir qədər azalmadan sonra bu zonada bir neçə güclü zəlzələ qeydə alınıb.