Küveyt COP29 çərçivəsində Azərbaycanla qarşılıqlı əməkdaşlığa hazırdır

Küveyt COP29 çərçivəsində Azərbaycanla qarşılıqlı əməkdaşlığa hazırdır

1 mart 2024-cü il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb.

XİN-dən Birxeber.Az-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Küveyt arasında ikitərfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmkarını xarici işlər naziri vəzifəsinə yeni təyinatı münasibətilə təbrik edən nazir Ceyhun Bayramov Küveyt xarici işlər nazirinə bu şərəfli fəaliyyətində uğurlar arzulayıb.

Ölkələr arasında əməkdaşlığın hazırki səviyyəsindən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan məmnuniyyət ifadə edib.

Cari 2024-cü ilin Azərbaycan və Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümünə təsadüf etdiyini məmnuniyyətlə qeyd edən tərəflər, iki ölkə arasında siyasi məsləhətləşmələrin, nazirlərin sədrlik etdiyi ikitərəfli hökumətlərarası komissiyanın və görüşlərin ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün vacibliyini vurğulayıblar. Turizm, mədəniyyət, ticarət və s. sahələrdə geniş əməkdaşlıq perspektivləri olduğu diqqətə çatdırılıb.

Küveyt tərəfi həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov 30 ilə yaxın müddətdə davam edən Ermənistanın ərazilərimizin işğalı tarixçəsi, eləcə də 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə məsələləri, eləcə də ölkəmizlə Ermənistan arasında normallaşma prosesi və ölkəmizin həyata keçirdiyi bərpa-quruculuq işləri barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər, elecə də Yaxın Şərqdə və Qəzzada vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.