Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı

Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, “Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı” adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Parisdə sülh prosesinin üzərindən xətt çəkməsindən və Cənubi Qafqazda yeni müharibə anonsu verməsindən bəhs olunur.

Bildirilir ki, N.Paşinyan Fransaya səfərindən bir neçə gün öncə - fevralın 17-də Münxendə Prezident İlham Əliyevin qarşısında sülhdən danışıb, bu görüşü konstruktiv və müsbət adlandırıb. Lakin Münxendən Parisə yollanan Paşinyan adəti üzrə 180 dərəcə siyasi dönüş edib. Səhər bir, axşam başqa söz deyən Paşinyanın Parisdə Makronla görüşdən sonra “Frans24” kanalına müsahibəsində səsləndirdiyi fikirlərin fonunda bölgədə yaşananlar ciddi risklərdən xəbər verir. O, Fransa Prezidenti ilə görüşdən sonra “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiasını irəli sürərək deyib ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaması “hücuma hazırlıq”dan xəbər verir”.

Qeyd olunur ki, N.Paşinyan bir tərəfdən bütün vasitələrlə sülh sazişini imzalamaqdan qaçır, digər tərəfdən Azərbaycanın Ermənistanın ərazi bütövlüyü və sərhədini tanımasını istəyir. Bu ilk baxışda erməni baş nazirin siyasi diletantlığı kimi görünsə də, əslində o, hiyləgərlik edir və məqsədi beynəlxalq ictimai rəydə Azərbaycanı aqressiv tərəf kimi göstərməkdir.

Diqqətə çatdırılır ki, Paşinyanın iddiasının əsas istinad nöqtəsi isə Qərbi Azərbaycan məsələsidir: “Bu, Ermənistanı ən çox narahat edir və ona görə bütün vasitələrlə azərbaycanlıların öz yurdlarına qayıdışının qarşısını almağa çalışırlar. Öz yurdundan deportasiya edilmiş azərbaycanlıların geri qayıtması beynəlxalq hüquqa əsaslanır. Bu hüququ ilk növbədə Qərbi Azərbaycan İcması gündəmə gətirir, Azərbaycan dövləti də böyük bir icmanın hüququnun təmin edilməsinə dəstək verir. Lakin məsələ Ermənistanın təqdim etməyə çalışdığı kimi yox, Qərbi azərbaycanlılarının qayıdış haqqının hüquqi yollarla təmin edilməsindən ibarətdir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Qərbi Azərbaycana qayıdış tanklarla yox, maşınlarla reallaşacaq. Rəsmi İrəvan da anlayır ki, azərbaycanlıların təhlükəsiz qayıdışını beynəlxalq hüquq tələb edir və Ermənistan gec-tez bunu qəbul etməyə məcbur olacaq. Məhz buna görə azərbaycanlı qaçqınların hüququnu “ərazi iddiası” kimi göstərməyə çalışır”.

Sonda vurğulanır ki, erməni baş nazirin iddiasının arxasında Qərbi Azərbaycan məsələsinə qarşı məkrli plan yatır: “Belə görünür ki, hər şey Qərbi Azərbaycan torpaqlarında həll olunacaq və baş verə biləcək mümkün müharibənin tərəflərindən biri təkcə Azərbaycan yox, Rusiya da ola bilər. Moskva bu dəfə İrəvanı xilas etmək üçün yox, cəzalandırmaq üçün hərəkətə keçəcək. Çünki Parisin “mətbəxində” hazırlanan, İrəvanın icra etməsi üçün təqdim edilən plan təkcə Azərbaycana yox, həm də Rusiyanın bölgədəki maraqlarına qarşıdır. Nikol Paşinyanın məlum müsahibəsində Rusiyaya qarşı açıq müharibə elan etməsi də bunu təsdiq edir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.