Qazaxıstan Qırğızıstana yardım üçün 2 min ton dizel yanacağı göndərib

Qazaxıstan Qırğızıstana yardım üçün 2 min ton dizel yanacağı göndərib

Qazaxıstan hökuməti Bişkek istilik elektrik stansiyasında (İES) baş vermiş qəza ilə əlaqədar Qırğızıstana humanitar yardım olaraq 2 min ton dizel yanacağı göndərib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən göndərilən yanacaq “Rezerv” Respublika Dövlət Müəssisəsinin “Zarya” filialından ilkin partiyada min ton həcmində olmaqla 17 vaqon-sisternlə yola salınıb.

Humanitar yük Qırğızıstanın Energetika Nazirliyinin nümayəndələrinə təhvil verilib.

Xatırladaq ki, Bişkek İES-də qəza fevralın 2-nə keçən gecə baş verib. Partlayışdan sonra köhnə binada yanğın baş verib, yanğın iki saat ərzində söndürülüb. İES-in 5 əməkdaşı xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Qəza vəziyyəti ilə əlaqədar bir sıra məhəllələrə isti su və qismən istilik verilişi dayandırılıb. Fevralın 7-də istilik və isti suyun verilməsi bərpa olunub.