Soltan Məmmədov: Almaniyanın neytral qalmaq, sülh prosesinə səmimi töhfə vermək cəhdləri çox mühümdür

Soltan Məmmədov: Almaniyanın neytral qalmaq, sülh prosesinə səmimi töhfə vermək cəhdləri çox mühümdür

"Almaniyanın aparıcı şirkət rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğunu göstərir. Hər iki ölkə bu potensialdan səmərəli şəkildə istifadə etməkdə maraqlıdır".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə də çox mühüm töhfələr verir.

Soltan Məmmədov qeyd edib ki, 2023-cü ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi həcminin 45,4% artması iqtisadi əlaqələrin dinamikası barədə çox aydın təsəvvür yaradır: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard dollara çatıb. Bu, kifayət qədər ciddi göstəricidir. Bizim ölkələrimizin iqtisadi tərəfdaşlığının miqyasını nümayiş etdirir, eyni zamanda, əlaqələrin spektrinin daha da genişləndirilməsi üçün imkanların böyük olduğunu söyləməyə əsas verir".

Azərbaycanda 180-ə yaxın alman şirkətinin fəaliyyət göstərdiyini xatırladan deputat vəkili vurğulayıb ki, bərpa olunan enerji sahəsində alman şirkətləri ilə əməkdaşlıq üçün çox yaxşı imkanlar var: "Almaniya bərpa olunan enerji mənbələrinin inkişafında və tətbiqində dünya miqyasında aparıcı ölkələrdən biridir. Azərbaycan da bu sahənin inkişafına çox böyük önəm verir. 2030-cu ilə qədər ölkəmiz beş min meqavata yaxın bərpa olunan enerji növlərinin yaradılmasını hədəfləyir. Bu baxımdan, düşünürəm ki, Almaniya və Azərbaycan arasında xüsusilə "yaşıl enerji" sahəsində müzakirələrin gündəliyi zəngindir".

Soltan Məmmədov bildirib ki, iki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələr bütün digər istiqamətlərdə uğurlu nəticələr əldə etmək üçün yaxşı zəmin yaradır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkili Almaniyanın sülh prosesinə konstruktiv yanaşmağa çalışdığını göstərir: "Sülh prosesində rol almağa iddialı olan bəzi dövlətlərdən fərqli olaraq, Almaniya mümkün qədər öz neytrallığını qorumağa çalışır. Biz bu gün Avropa İttifaqından ölkəmizlə bağlı qərəzli bəyanatların səsləndirildiyini, Fransanın Ermənistanı sürətlə silahlandırmaq cəhdlərinin intensivləşdiyini, AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz addımlar atıldığını görürük".

Deputat deyib ki, Almaniyanın neytral qalmaq, sülh prosesinə səmimi töhfə vermək cəhdləri çox mühümdür: "Lakin onu da qeyd etməliyik ki, AŞPA-da nümayəndə heyətimizin səs hüququndan məhrum edilməsi barədə qərarın təşəbbüskarı Almaniyanı təmsil edən deputat Frank Şvabe olub. Almaniya mətbuatında isə mütəmadi olaraq, Azərbaycana qarşı qərəzli kampaniyalar aparılır. Bu faktlar ikitərəfli əlaqələrin gündəliyinə və ruhuna uyğun deyil".

Ötən ilin noyabrında Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Almaniya Federativ Respublikasına səfəri zamanı bir sıra maraqlı görüşlərin keçirildiyini, əməkdaşlığın inkişafı ilə bağlı müxtəlif ideya və təkliflərin müzakirə olunduğunu bildirən işçi qrupunun üzvü qeyd edib ki, parlamentlər arasında əlaqələr ikitərəfli münasibətlərin uğurla inkişafına mühüm töhfə verə bilər.