Kabardin-Balkar Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir

Kabardin-Balkar Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası (KBR) ilə ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq edəcək.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu KBR hökumətinin sədri Əli Musukov ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

“Kabardin-Balkar hökumətinin sədri Əli Musukov forum çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə söhbət edib. Qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, Azərbaycan ilə KBR arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib”, - KBR-in İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Qurumun məlumatına görə, Azərbaycan KBR-in əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. 2023-cü ildə Azərbaycana ixracın həcmi 2022-ci illə müqayisədə 5,5% artıb. Əsas ixrac məhsulları şəkər və qənnadı məmulatları, kağız və karton, kakao və kakao məmulatları, taxıl məhsulları olub. Qeyd olunub ki, KBR-də fəaliyyət göstərən müəssisələr Regional İxraca Dəstək Mərkəzinin dəstəyi ilə işgüzar missiyalar və sərgilər çərçivəsində mütəmadi olaraq Azərbaycana səfərlər edirlər.

Qeyd edək ki, XII Rusiya-Azərbaycan regionlararası forumu Rusiyanın Mineralnıye Vodı şəhərindəı keçirilir. Hər iki ölkənin baş nazirlərinin müavinləri Aleksey Overçuk və Şahin Mustafayevin sədrliyi ilə Rusiya və Azərbaycan nümayəndələri BMT-yə üzv ölkələrin 29-cu Konfransı ərəfəsində perspektivli nəqliyyat və logistika layihələrini, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) ərəfəsində ekoloji dialoqun təşviqi imkanlarını, eləcə də sənaye sektorlarında əməkdaşlığın yeni vektorlarını müzakirə edirlər.