Azərbaycanda icbari avtosığorta üzrə vahid qiymətləndirmə sistemi yaradılacaq - EKSKLÜZİV

Azərbaycanda icbari avtosığorta üzrə vahid qiymətləndirmə sistemi yaradılacaq - EKSKLÜZİV

Azərbaycanda avtomobillərin icbari sığortası (ANVSMMİS) üzrə vahid qiymətləndirmə sisteminin yaradılması üzərində aktiv fazada işlər davam etdirilir.

Bunu “APA-Economics”ə müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib. O qeyd edib ki, mərkəzləşdirilmiş qiymətləndirmə sistemi Rusiya və Türkiyənin təcrübəsində artıq mövcuddur: "Ötən il bu ölkələrə səfərlərimiz olub. Bu il də bu ölkələrin uğurlu təcrübələrini öyrənməkdə, sığorta sektorunun inkişafı üçün tətbiq etməkdə davam edəcəyik".

Elmar Mirsalayev əlavə edib ki, vahid qiymətləndirmə sistemi üçün bir neçə üsul və metodlar mövcuddur: “Azərbaycan bazarına, ölkə reallığına ən uyğun olan üsulları tətbiq etmək istəyirik. Ehtiyat hissələrinin qiymətləndirilməsinə yanaşma bir üsuldur. Azərbaycanda həm yeni, həm ikinci əl ehtiyat hissələri istifadə olunur. Əksər ölkələrdə isə ikinci əl ehtiyat hissələri olmadığı üçün nəzərə alınmır. Ona görə də çalışırıq ki, bunların hamısını bir əldə cəmləyək və vahid qiymətləndirmə sistemi maksimum şəkildə faydalı olsun”.

İcraçı direktor bildirib ki, nəzərdə tutulan sistem süni intelekt tətbiq edilməklə həm işçilik xərclərinin elektron qaydada, həm də ehtiyat hissələrinin qiymətinin elektron qaydada hesablanmasını özündə ehtiva edir. Ehtiyat hissəsi qiyməti ilə yanaşı onun istehsal olunduğu ölkə, yeni və ya ikinci əl olması kimi amilllər nəzərə alınmalıdır. Vahid qiymətləndirmə sistemi bu baxımdan elə platforma olmalıdır ki, maksimum şəkildə özündə düzgün məlumatları toplasın.

O əlavə edib ki, vahid qiymətləndirmə sisteminin bu il ərzində tətbiq edilməsi planlaşdırılır: “Bu təkcə bizim səyimizdən asılı deyil. Qeyd etdiyim kimi, bunun üçün xarici təcrübədən yararlanırıq. Burada digər ölkələrin sığorta birlikləri ilə əməkdaşlıq, məlumat mübadiləsi vaxt tələb olunur, yəni bu, uzunmüddətli bir prosesdir. Bizim istəyimizə gəldikdə isə bu il ərzində işlərin yekunlaşdırılmasını istəyirik”.