Kaxaber Sxadadze: “Azərbaycan futbolu “Qəbələ”ni itirməməlidir” - MÜSAHİBƏ

Kaxaber Sxadadze: “Azərbaycan futbolu “Qəbələ”ni itirməməlidir” - MÜSAHİBƏ

2021-ci ildən çalışdırdığı “Qəbələ”dən ayrılan baş məşqçi Elmar Baxşıyevi dünən gürcüstanlı Kaxaber Sxadadze əvəzləyib.

Bölgə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan 55 yaşlı mütəxəssis bununla üçüncü dəfə Azərbaycanda işləməyə razılıq verib. O, daha əvvəl ölkəmizdə “Standard” (2008) və “İnter”də (2009-2014) çalışıb. Hazırkı adı “Şamaxı” olan “İnter” Sxadadzenin rəhbərliyi altında 2009/2010 mövsümündə Azərbaycan çempionluğunu qazanıb.

Təcrübəli məşqçinin budəfəki missiyası medallar uğrunda mübarizə aparmaq yox, “sükanı arxasına" keçdiyi “qırmızı-qaralar”ı Premyer Liqada saxlamaqdır.

Kaxaber Sxadadze “Report”a müsahibəsində hədəflərinə çatacaqlarına inandığını bildirib.

- Yenidən Azərbaycana qayıtmaq necə hissdir?
- Azərbaycana qayıtdığım üçün çox şadam. Bu ölkə ilə bağlı həmişə xoş xatirələrim olub. Uzun müddət burada yaşadığım üçün həyat tərzinə öyrəşmişəm. Düşünürəm ki, azarkeşlər də işimizdən narazı qalmayıblar. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik.

- “Qəbələ” variantı necə baş tutdu?
- Klubun idman direktoru Səbuhi Səfiyarlı mənimlə əlaqə saxladı. Onunla münasibətim çox yaxşıdır. Klub prezidenti Fariz Nəcəfovu da yaxşı tanıyıram. “Qəbələ” onun rəhbərliyi altında uzun müddətdir çıxış edir, həm çempionatda, həm də avrokuboklarda ciddi uğurlar qazanıb. Komandanı düşdüyü vəziyyətdən çıxarmağımızı istədilər. Riskli olsa da, müsbət cavab verdik.

- “Qəbələ”ni bu durumdan çıxarmağa hazırsınız?
- “Qəbələ” Premyer Liqanı tərk etməyə layiq deyil. Böyük infrastruktura malik klubdur. Seçimimdə bu amil və klubun tarixi ciddi rol oynadı. Üzərimizə düşəni etməyə çalışacağıq. Bunun uğurlu alınıb-alınmayacağını isə mövsümün sonunda birlikdə görəcəyik.

- “Qəbələ” hazırda 9-cu pillədəki “Kəpəz”dən 8 xal geri qalır. Bu fərqi aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
- Komandaya yeni təyin olunmuşam. Razıyam ki, vəziyyət çox çətindir. Ancaq bütün diqqətimizi buna yönəldəcəyik. Fikrimcə, “Qəbələ” Premyer Liqada qalmalıdır. Çünki Azərbaycanın ən böyük klublarından və futbol markalarından biridir. Azərbaycan futbolu “Qəbələ”ni itirməməlidir. Məncə, komanda elitada qalsa, buna hamı sevinər. Biz də çətin gündə kluba kömək etmək üçün bura gəlmişik.