Cənubi Koreyadan sığınacaq istəyən rusların sayı rekord həddə çatıb

Cənubi Koreyadan sığınacaq istəyən rusların sayı rekord həddə çatıb

Ötən il Cənubi Koreyadan sığınacaq istəyən Rusiya vətəndaşlarının sayı rekord həddə çatıb.

APA CNN-ə istinadən xəbər verir ki, Cənubi Koreyanın aidiyyəti orqanlarının məlumatına görə, 2023-cü ildə ruslar bu ölkədən sığınacaq istəyən ən böyük qrupa çevriliblər və onların müraciətlərinin sayı illik müqayisədə 5 dəfə artıb.

Cənubi Koreyanın İmmiqrasiya Xidmətinin fevralın əvvəlində dərc etdiyi hesabata görə, 2023-cü ildə ümumilikdə 5 750 Rusiya vətəndaşı bu ölkədən sığınacaq istəyib. 2022-ci ildə isə bu rəqəm 1 038 nəfər olub. Məlumata görə, ötən il Cənubi Koreyadan sığınacaq istəyən Rusiya vətəndaşlarının sayı 1994-2019-cu illər ərzində edilmiş müraciətlərin ümumi sayını da üstələyib.

Bildirilib ki, Cənubi Koreyada ruslardan sonra ən çox sığınacaq istəyən qruplar Qazaxıstan, Çin və Malayziya vətəndaşlarıdır.

Sığınacaq axtaranların ən çox göstərdiyi səbəb dinə görə təqiblər, ikinci yerdə isə siyasi təqiblər olub.

Qeyd edək ki, Cənubi Koreyada sığınacaq tələbi də daxil olmaqla, ciddi immiqrasiya qanunları var. Hesabata görə, son 30 il ərzində Cənubi Koreyada sığınacaq üçün müraciət etmiş təxminən 103 mindən nəfərdən yalnız 4 052-si qaçqın kimi qeydiyyata alınıb.
Məlumata görə, Rusiyanın Ukraynaya hücumundan sonra qlobal miqyasda sığınacaq axtaran Rusiya vətəndaşlarının sayı artıb, son iki il ərzində yüz minlərlə insan Rusiyanı tərk edib, onların çoxunun hərbi çağırışdan qaçanlar olduğu bildirilib.

Lamiyə Şirinova