ABŞ-ın Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunub

ABŞ-ın Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunub

ABŞ-ın Çikaqo şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub.

“Birxeber.Az”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təşkil olunan görüşdə həmvətənlərimiz aktiv iştirak ediblər.

Qəbul çərçivəsində Çikaqo şəhəri və ətraf bölgələrdə yaşayan həmvətənlərimizə ümumvətəndaş (xarici) pasportlarının yenilənməsi, notariat əməliyyatlarla bağlı xidmətlər göstərilib.

Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov "Birxeber.Az"a müsahibəsində deyib ki, qəbul çərçivəsində həmvətənlərimizə onların tələbləri ilə bağlı lazımı bütün köməkliklər göstərilib:

“Müraciətlər daha çox ümumvətəndaş pasportların yenilənməsi ilə bağlı idi. Bu xidmət sayəsində bir çox həmvətənimiz uzun məsafələri qəth edib Vaşinqtonda yerləşən səfirliyin inzibati binasına gəlmədən, elə yerindəcə yenilənmiş pasportlarına sahib oldular. Bununla yanaşı qəbul çərçivəsində İllinoys və ətraf ştatlardan olan vətəndaşlarımıza isə əsasən konsulluq qeydiyyatı ilə bağlı xidmətlər göstərilib”.

Konsul bildirib ki, görüş çərçivəsində azərbaycanlıları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C. Novruzov qeyd edib ki, ötən müddət ərzində ABŞ-ın onlarla qərb, cənub şəhər və ştatlarında, Texasda, Bostonda, Nyu-Yorkda artıq səyyar konsulluq xidmətləri həyata keçirilib və bu kimi fəaliyyətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilir.