Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb

Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən təşkil olunan avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

"Report" xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparıb.

Bu, son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir. Yarışlarda fərqlənən ilk üç yerin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin qaliblər mayda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığmanın heyətinə cəlb ediləcək.

Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmənin populyarlığını artırmaq, kütləviliyi təmin etmək, bununla da gələcəkdə güclü milli komanda formalaşdırmaqdır. Bu məqsədlə il ərzində yeniyetmə və gənclər arasında bir neçə ölkədaxili və beynəlxalq yarışların təşkili nəzərdə tutulub.