Britaniya Baş nazirinin ticarət elçisi: COP29-un Azərbaycanda keçirilməsi çox vacibdir

Britaniya Baş nazirinin ticarət elçisi: COP29-un Azərbaycanda keçirilməsi çox vacibdir

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacibdir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Britaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Londonda keçirilən Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq haqqında məlumat xarakterli tədbirdə deyib.

O, COP29-un Azərbaycanda keçirilməsindən böyük məmnuniyyət duyduğunu bildirib:

"Mən COP29-un Azərbaycanda keçiriləcəyi üçün çox həyəcanlı və xoşbəxtəm. Bakı tez-tez, demək olar ki, ildə bir neçə dəfə nəhəng tədbirlərə ev sahibliyi edir. Bu səbəbdən, Azərbaycanın COP29-a da çox gözəl ev sahibliyi edəcəyini düşünürəm".

E.Nikolson söyləyib ki, Azərbaycan xalis sıfır emissiya hədəfinə nail olmaq üçün çoxlu işlər görür.

"Azərbaycan çox gözəl ölkədir. O, həmçinin Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Başqa ölkələrin Azərbaycan haqqında bilmədiyi çoxlu faktlar var. Azərbaycan artıq iqlim dəyişikliyi ilə bağlı nailiyyətlərdə də ilk sıralardadır və bu sahədə BP ilə sıx əməkdaşlıq edir. COP29-un Azərbaycanda keçirilməsi çox həyəcanvericidir", -o qeyd edib.

Exeter Universitetində Biznes məşğulluğu və innovasiyalar üzrə prorektor müavini Stuart Brokılhörst gələcək qlobal iqlim risklərindən danışıb, iqlim dəyişikliyinə təsir edən əsas dönüm nöqtələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib ki, Azərbaycan indiyədək çoxsaylı böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Səfir Azərbaycanın COP29-un tələblərinə çox əminliklə cavab verə biləcəyini deyib.

Tədbirdə daha sonra COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov çıxış edib.

Qeyd edək ki, tədbirə Azərbaycan və Britaniyadan olan iş adamları, iqlim dəyişikliyi ilə bağlı müxtəlif qurumlarda çalışan ekspertlər qatılıblar.