İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO

İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir - FOTO

İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfrans keçirilir.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Bakı Təşəbbüsü Qrupunun təşkilatçılığı ilə baş tutub.

Tədbir çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinin bir regionlara verdiyi zərər müzakirə olunur.

Açılış mərasimində çıxış edən Bakı Təşəbbüsü Qrupunun icraçı direktoru Abbas Abbasov tədbirin xüsusi önəm daşıdığını qeyd edərək, Qrupun bu istiqamətdə vacib nailiyyətlər əldə etdiyini də vurğulayıb.

Konfrans çərçivəsində baş tutan panellərdə dünyadakı fərqli bölgələrdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı davam edən mübarizələr də müzakirə olunur. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi komitəsinin müstəqil eksperti Carlyle G.Corbin Fransanın aktiv şəkildə müstəmləkəçilik siyasətinin 1960-cı illərə qədər davam etdiyini bildirib. Onun sözlərinə görə, dekolonizasiya prosesi 1990-cı illərə qədər uğurlu şəkildə davam etsə də, 90-ların sonun proses yavaşlayıb və hazırda Fransa dekolonizasiya prosesinin aktiv olaraq davam etməsini istəmir.

Corbin onu da vurğulayıb ki, Fransanın müstəmləkəçilik siyasətindən ziyan görən bölgələrdə intibahın oyanışına xüsusi ehtiyac var.

Yeni Kaledoniya və digər ölkələrdən olan çıxışçılar da öz növbəsində xalqlarının Fransadan ayrılaraq müstəqillik istədiklərini, lakin Parisin buna qarşı çıxdığını vurğulayıblar.

Onların sözlərinə görə, Fransa bu bölgələri əldən qaçırmamaq, təbii sərvətlərinin istismarını davam etmək istəyir. Çıxışçılar qeyd ediblər ki, Fransanın müstəmləkələri olmuş və olan regionlar bu ölkənin onlara qarşı aqressiv hərəkətlərindən qurtulmaq, yeni nəsillərin Fransa mədəniyyətinin basqısı altında onların bir parçası olmaq deyil, öz dəyərləri, dilləri və ənənələrinə uyğun olaraq yetişməsini istəyir.
Türkiyənin SETA siyasi araşdırmalar mərkəzinin təmsilçisi Tunc Demirtaşın sözlərinə görə isə, Azərbaycan və Türkiyə Fransanın müstəmləkəçilik siyasətinə məruz qalmış xalqların səsinin dünyaya çatdırılması, onların mübarizəsinə dəstək vermək niyyətindədir. T.Demirtaş onu da vurğulayıb ki, Türkiyə Fransadan fərqli olaraq Afrika regionunda bütün ölkələrlə qarşılıqlı hörmət və fayda əsasında əməkdaşlıq təklif edir və yürüdür.

Qeyd edək ki, Bakı Təşəbbüsü Qrupunun təşkilatçılığı ilə iki gün davam edəcək konfransa 13 ölkə və 5 beynəlxalq təşkilatdan 50 iştirakçı qatılıb.