Xocalı itkinlərinə həsr olunmuş “13” adlı filmin premyerası olacaq - FOTO

Xocalı itkinlərinə həsr olunmuş “13” adlı filmin premyerası olacaq - FOTO

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin premyerası olacaq.

Agentlikdən APA-ya verilən məlumata görə, “13” adlı bədii-sənədli film Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdırır.

Film üzərində peşəkar komanda aylarla gərgin iş aparıb. Bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur. Çəkilişlərdə müxtəlif səhnələri canlandırmaq üçün onlarla aktyor iştirak edib.

Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.

Filmdə həmin şəxslərin ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayır.

Filmin Bakıda premyerasından sonra bir sıra xarici ölkələrdə ingilis dilində nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materialları əsasında ərsəyə gətirdiyi əsir, girov və itkinlər mövzusunda silsilə ekran işləri ("İşgəncələr məbədi - Şuşa həbsxanası" sənədli filmi, “Coğrafiya müəllimi” qısametrajlı filmi və s.) ictimaiyyətin böyük marağına səbəb olub.