Rəsmi Bakının istəyini qəbul etdirməsi Prezident İlham Əliyevin prinsipial siyasətinin nəticəsidir - RƏY

Rəsmi Bakının istəyini qəbul etdirməsi Prezident İlham Əliyevin prinsipial siyasətinin nəticəsidir - RƏY

Rəsmi Bakının istəyini qəbul etdirməsi Prezident İlham Əliyevin prinsipial siyasətinin nəticəsidir.

Bu barədə “Birxeber.Az”a açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev andiçmə mərasimində cəmiyyəti maraqlandıran məsələlərə toxunub: “Onun çıxışı praktiki konseptual xarakter daşıyırdı və nitqindəki aspektlər hər kəs üçün yol xəritəsi, eyni zamanda diqqət çəkən məsələlər idi. Sözügedən fikirlər, ilk növbədə, dövlətin milli ideyası ilə bağlı idi ki, gələcək nəsillərin hansı ideyada böyüməsini də özündə ehtiva etmişdi. Məlumdur ki, hər bir dövlətin inkişafını, təməlini onun gələcək nəsilləri möhkəmləndirir”.

“Heç də təsadüfi deyil ki, bu gün bir çox ölkələrdə qlobal güclər arasında geosiyasi mübarizə fonunda məhz gənc nəsillərin beyninə özlərinin müxtəlif ideyalarını aşılayırlar. Hansı ki, həmin ideyalar fonunda bir sıra fəaliyyətlərin həyata keçirildiyini görməkdəyik. Milli ruh keçmişlə gələcəyin, eyni zamanda bu günün vəhdətini təşkil edə bilmək heç də bütün hakimiyyətlərə nəsib olmur. 44 günlük mübaribə Azərbaycan cəmiyyətində böyük və güclü bir ideyanın olduğunu bütün dünyaya göstərib. Həmin ideya da prezidentin ətrafında sıx birləşərək gələcəyə birgə addımlamaq idi. Ona görə də ölkədə növbədənkənar prezident seçkiləri təyin edilərkən xalqımız bu qərarı alqışla qarşıladı və böyük ruh yüksəkliyi ilə seçki məntəqələrinə gedərək öz seçimini etdi. Azərbaycan dövləti qarşısında yeni bir mərhələnin səhifəsi açılır və bu səhifə ölkənin inkişafını, dövlətçiliyini davam etdirməkdən, həmçinin gələcək məqsədlərə cəmiyyət və dövlət olaraq birlikdə addımlamaqdır. İqtisadi, sosial, hərbi siyasət də sözügedən məsələlərin tərkib istiqamətlərindəndir”,- politoloq qeyd edib.

Z.Məmmədov vurğulayıb ki, Azərbaycan ciddi maliyyələr tələb etməsinə baxmayaraq, təkcə son üç il ərzində azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri aparılması ilə yanaşı, hərbi gücünü də artırıb: “Bütün bunlar maliyyə imkanları və həm də böyük əmək tələb edirdi. Biz bunu bacardığımızı gördük. Bundan sonra isə əsas məqsəd Azərbaycan sərhədlərinin daha da möhkəmləndirilməsi, yubatmadan Qarabağ və Şərqi Zəngəzura köç etmək üçün davamlı addımların atılmasıdır. Münhendə keçirilən görüşlər də bir daha sübut edir ki, bir sıra mərkəzlərin daim Azərbaycana qarşı təzyiq və təhdidlərə cəhdlər etməsinə baxmayaraq, sonda rəsmi Bakının dediyi olur. Bunun da əsas səbəbi İlham Əliyevin hər zaman öz prinsipial siyasətini davam etdirməsi və Azərbaycanın maraqlarını üstün tutması ilə əlaqədardır”.