Erməni araşdırmaçının etirafı: “İrəvan xanlığı mahallarının yerli əhalisi türklər olub”

Erməni araşdırmaçının etirafı: “İrəvan xanlığı mahallarının yerli əhalisi türklər olub”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib” adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə Qərbi Azərbaycan ərazisini əhatə edən mahalların tarixi və mədəni münasibətlər baxımından Bütöv Azərbaycandan ayrı olmadığı, indiki Ermənistanın Azərbaycan mahalları ərazisində yaradılan süni dövlət olduğu və erməni tədqiqatçılarının araşdırmalarında Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı bildirilir.

Qeyd olunub ki, Ermənistan, Azərbaycan və Türkiyə münasibətlərinin tədqiqi ilə məşğul olan araşdırmaçı Tatul Hakopyan doğulduğu Loru mahalının Barana rayonu Balakənd kəndinin azərbaycanlı əhalisinin 1930-cu ildə qovulduğunu və yerinə xaricdən gətirilən ermənilər yerləşdirildiyini təsdiqləyir.

T.Hakopyanın “Rusiyanın işğalı ərəfəsində İrəvan xanlığı” məqaləsində Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirilməsinin necə aparıldığı, İrandan və Türkiyədən gətirilən ermənilərin 15 rayondan ibarət İrəvan xanlığının və bir neçə mahalın ümumi əhalisinin statistikasına təsiri aydın görünür: “Belə ki, İrəvan xanlığında həmin dövrdə 115 106 nəfərin 65 234-ü erməni, 49 872-si müsəlman olub. Qırxbulaq mahalında ümumi əhalinin sayı 3 053, Zəngbasar mahalında 8 376, Gərnibasar mahalında 9 680, Vedibasar mahalında 4 355, Sürməli mahalında 12 407, Dərəkənd-Parçenis mahalında 4 387, Səədli mahalında 1 004, Abaran mahalında 8 933, Dərəçiçək mahalında 8 650, Göyça mahalında 14 254 nəfər yaşayıb. Məhz bu ərazilərə köçürülən ermənilərin hesabına azərbaycanlılardan say üstünlüyü yaranıb”.

Sonda vurğulanıb ki, erməni müəllif Qərbi Azərbaycan bütün mahallarını əhatə etmir: “Çünki söhbət İrəvan xanlığından gedir. Sonrakı illərdə erməni vilayəti və erməni dövləti yaradanda havadarları Azərbaycanın digər ərazilərini də ermənilərə verdilər ki, xəritədə dövlətə oxşar nəsə olsun. Adı çəkilən mahallarda verilən saylara diqqət yetirəndə Qərbi Azərbaycanın 1828-ci ildən erməniləşdirmənin necə aparıldığı tam aydın olur. Bunu erməni araşdırmaçısı Tatul Hakopyan da etiraf edir. Çünki bu gerçəyi mənbələr də qeyd edib və nə qədər erməni tarixçiləri nağıllar uydursalar da, bu yazılana pozu yoxdur. Belə ki, Qərbi Azərbaycanın mahallarında minillər boyu azərbaycanlılar yaşayıb və yalnız XX əsrdə bir neçə dəfə xüsusi qəddarlıq və zorakılıqla öz torpaqlarından qovulublar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində: