Meksika KİV-i: Budəfəki prezident seçkiləri Azərbaycanın bütün ərazisini əhatə edib

Meksika KİV-i: Budəfəki prezident seçkiləri Azərbaycanın bütün ərazisini əhatə edib

Meksikanın “Contra Replica” qəzetində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş tanınmış siyasi şərhçi Federiko Lamontun müəllifliyi ilə “Qarabağ Azərbaycandır, demokratiya zəfər çaldı” (“Triunfó la democracia porque Karabaj es Azerbaiyan”) başlıqlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, müəllif məqalədə ilk öncə Prezident İlham Əliyevin inamlı qələbəsi ilə yekunlaşan prezident seçkilərindən bəhs edərək bu dəfəki seçkilərin Azərbaycanın bütün suveren ərazilərimizi əhatə etdiyini bildirib.

Daha sonra F.Lamont ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla müsahibəsindən söz açıb. Məqalədə nazir müavini E.Məmmədova istinadən işğaldan azad edilmiş ərazilərimizdə bu gün mövcud mina problemi məsələsinə toxunularaq, Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən olduğu bildirilib. Bu xüsusda, mina qurbanlarının sayının hər ötən gün daha da artdığı təəssüflə qeyd olunaraq sözügedən ərazilərin təmizlənməsi üçün mina xəritələrinin təqdim edilməsinin vacibliyi vurğulanıb. Habelə, 2020-ci ildən sonra belə minaların yerləşdirilməsi prosesini davam etdirən Ermənistanın bu məkrli siyasətinin Azərbaycanlılara qarşı onilliklərlə davam edən etnik təmizləmə kampaniyasının davamı olduğu diqqətə çatdırılıb.

Məqalədə həmçinin sözügedən müsahibəyə istinadən Ermənistan-Azərbaycan normallaşma prosesindən bəhs olunub. Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğal dövrünün başa çatdığı, ölkəmizin doğma torpaqlarını işğaldan azad etdiyi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, habelə münaqişənin arxada qalması üçün bü gün sülh sazişinin imzalanması istiqamətində əməli addımların atıldığı bildirilib.

Daha sonra məqaləsində ölkəmizin ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından xeyli uzaq məsafədə yerləşən Gəncə şəhərinə səfəri zamanı şəhər sakini ilə müsahibəsindən söz açan müəllif Vətən Müharibəsi zamanı Ermənistanın mülki şəxslərə, infrastruktura qarşı həyata keçirdiyi raket hücumlarının nəticəsində onlarla dinc sakinin, o cümlədən 6 aylıq körpənin şəhid olduğunu bildirib.