Qadın minaaxtaranların təmizləməsi üçün 17 hektardan çox sahə ayrılıb - FOTO

Qadın minaaxtaranların təmizləməsi üçün 17 hektardan çox sahə ayrılıb - FOTO

"Ağdam rayonunun işğaldan azad olunan Nəmirli kəndinin minalardan təmizlənməsi üçün Azərbaycanın ilk minaaxtaran qadınları fəaliyyət göstərirlər. Bu ərazidə 25 nəfərdən ibarət qadın minaaxtaran qrupu çalışır".

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda təşkil olunan media-turda jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib. Qeyd olunub ki, qadın minaaxtaranların təmizləməsi üçün 17 hektardan çox minalı sahə ayrılıb.

O, qadın minaaxtaranlarla bağlı layihənin icrasına ötən ilin iyun ayında başlandığını bildirib. Qeyd olunub ki, Avropa İtifaqının, ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirilən layihə üzrə ilkin olaraq 43 qadın müraciət edib: “30-a yaxın xanımla fəaliyyətə başladıq. Layihənin icrasında ANAMA bizə hərtərəfli dəstək verir. Hazırda olduğumuz ərazilər Qarabağda minalarla ən çox çirkləndirilmiş ərazidir. Bu ərazilərdən bir az o tərəfə keçmiş təmas xəttidir”.

BAMF rəhbəri minatəmizləmə işlərinin üç üsulla - əllə, itlərlə və siçovularla aparıldığını açıqlayıb: “Hazırda havaların soyuq keçməsi səbəbindən ərazidə siçovullardan istifadə olunmur. Yaz aylarında yenidən siçovullardan da istifadə olunacaq".