Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bu ilin may ayında Bakıda Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçiriləcək.

Bu barədə "Report"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu məsələ qurumda İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar ilə keçirilmiş görüşdə müzakirə edilib. Görüşdə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində birgə biznes forumun keçirilməsi, eləcə də ikitərəfli işgüzar əlaqələrin intensivləşdirilməsi üçün birbaşa uçuşların həyata keçirilməsi təklifləri müsbət qiymətləndirilib. Bununla yanaşı, görüşdə İordaniya ilə investisiya və ticarət əlaqələrinin aktivləşdirilməsi istiqamətində görüləcək işlər və həyata keçiriləcək tədbirlər müzakirə olunub.

Agentliyin icraçı direktoru Yusif Abdullayev ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin potensialının effektiv reallaşdırılması, o cümlədən İordaniyanın təklif etdiyi ticarət və investisiya imkanlarının araşdırılması məqsədilə Agentliyin nümayəndələrinin ölkəyə işgüzar səfərinin planlaşdırıldığını bildirib. O, diqqətə çatdırıb ki, səfər zamanı qurulacaq birbaşa əlaqələr, aparılacaq məlumat mübadiləsi mayda keçirilməsi gözlənilən Hökumətlərarası Komissiyanın 4-cü iclasının səmərəli işi üçün möhkəm zəmin yaradacaq.

Səfir isə ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrini tənzimləyən sazişlərin yenilənməsinin zərurətini qeyd edərək, İordaniyada investisiya və ticarət fəaliyyətinin həyat keçirilməsinin açdığı fürsətlər haqqında danışıb. O, bildirib ki, Avropa İttifaqı, ABŞ və Kanada ilə azad ticarət müqavilələri mövcud olan İordaniya Azərbaycan sahibkarları üçün ölkədə birgə müəssisələrin yaradılması və daha sonra sözügedən bazarlara ixrac edilməsi baxımından geniş imkanlar vəd edir. Bununla yanaşı, iordaniyalı sahibkarların da Azərbaycanın qonşu ölkələrlə mövcud əlverişli ikitərəfli ticarət qanunvericiliyindən istifadə edərək MDB bazarlarına çıxışı perspektivləri vurğulanıb.