"Azexport" Gürcüstana ixrac üçün sərbəst satış sertifikatları təqdim edib

"Azexport" Gürcüstana ixrac üçün sərbəst satış sertifikatları təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı növbəti sərbəst satış sertifikatlarını (Certificate of Free Sale) təqdim edib.

Bu barədə "Birxeber.Az"a İİTKM-dən bildirilib.

Məlumata görə, sertifikatlar Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsullarının Gürcüstana ixracı üçün nəzərdə tutulub. Ötən il istehsalçı şirkətin müraciəti əsasında bəzi məhsulların ixracı üçün sərbəst satış sertifikatları təqdim edilib. Cari ildə şirkət istehsal etdiyi digər məhsullar üçün də sertifikat almaqla ixrac həcmini və çeşidini genişləndirməyə nail olub. Təqdim edilən sertifikatlar böyüklər və uşaqlar üçün kapsul və ya maye halında daxilə qəbul edilən bioloji fəallığa malik qida əlavəsi məhsulları üçün nəzərdə tutulub.

Sərbəst satış sertifikatını ölkə Prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq “Azexport” təqdim edir. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.

Ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin fevral ayına kimi 694 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz bölgəsinin 100-dən artıq ölkəsinə ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.