İtkin düşən 48 yaşlı şəxs yumruq və təpiklə döyülərək öldürülüb - TƏFƏRRÜAT

İtkin düşən 48 yaşlı şəxs yumruq və təpiklə döyülərək öldürülüb - TƏFƏRRÜAT

Sumqayıtda 48 yaşlı şəxsin qətli ilə bağlı cinayət işi başlanıb.

"Report" xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında deyilir.

Məlumata görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyiti Bakı-Quba magistral yolunun kənarında aşkarlanıb.

Aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

19:48

Fevralın 12-də Sumqayıt şəhəri ərazisində 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Bu barədə "Report"a DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Qoşnəliyev Habil Bayram oğlu müəyyən olunaraq saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlərə görə baş verib.

Qeyd edək ki, fevralın 8-də Sumqayıtda 48 yaşlı kişinin itkin düşməsi barədə məlumat yayılıb. Bildirilib ki, Sumqayıt şəhərində yaşayan Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq, naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.