Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib

Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplantıda hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyi və Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hərbi hissələrin sürücüləri və aidiyyəti şəxslər ilə yol hərəkət qaydalarına əməl edilməsi, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələbləri, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onlardan öz təyinatı üzrə istifadə edilməsi, yol sənədlərinin olması və düzgün tərtib edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılıb.

Hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişləri çatdırılıb, xidmətin düzgün və keyfiyyətli təşkili ilə bağlı tövsiyələr verilib.
Tədbirdə, həmçinin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparılıb.