OPEC təşkilatdan kənarda neft hasilatının artımı ilə bağlı proqnozunu aşağı salıb

OPEC təşkilatdan kənarda neft hasilatının artımı ilə bağlı proqnozunu aşağı salıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ildə təşkilatdan kənarda neft hasilatının artımı ilə bağlı proqnozunu gündəlik 0,15 milyon barel azaldıb.

“Report” bu barədə təşkilatın fevral ayı hesabatına istinadən xəbər verir.

“OPEC-ə daxil olmayan ölkələrin neft hasilatının 2024-cü ildə gündəlik 1,2 milyon barel artaraq orta hesabla 70,5 milyon barelə çatacağı proqnozlaşdırılır. Bu, əvvəlki ayın proqnozları ilə müqayisədə gündəlik təxminən 150 min barel aşağıdır”, - hesabatda qeyd edilib.

OPEC-in proqnozlarına görə, 2024-cü ildə təşkilatdan kənarda neft hasilatının artımının əsas hərəkətverici qüvvəsi ABŞ, Kanada, Qayana, Braziliya və Norveç olacaq. Latın Amerikası və Şimal dənizindəki dəniz layihələri də artıma ciddi dəstək verəcək.

2025-ci ildə isə OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatının 2024-cü illə müqayisədə gündəlik 1,3 milyon barel artaraq 71,8 milyon barelə çatacağı proqnozlaşdırılır. Artım ABŞ, Braziliya, Kanada, Qazaxıstan və Qayanada hasilatın artması ilə təmin olunacaq. Meksika və Anqolada isə hasilat əhəmiyyətli dərəcədə azalacaq.