"Qarabağ"ın U-15 komandasının baş məşqçisi: "Belə turnirlər uşaqların inkişafı üçün çox yaxşıdır"

"Qarabağ"ın U-15 komandasının baş məşqçisi: "Belə turnirlər uşaqların inkişafı üçün çox yaxşıdır"

Belə turnirlərin olması uşaqların inkişafı üçün çox yaxşıdır.

Bunu "Birxeber.Az"a açıqlamasında "Qarabağ"ın U-15 komandasının baş məşqçisi Vüqar Əsgərli Belarusun paytaxtı Minskdə keçirilmiş beynəlxalq turnirlə bağlı danışarkən deyib.

Mütəxəssis yarışda təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: "Yekunda 5-ci yeri tutduq. Yalnız bir matçda penaltilər seriyasında uduzduq. Nəticə o qədər də vacib deyildi. Əsas odur ki, futbolçular verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Belə yarışların ən böyük üstünlüyü oyunçuların səhvlərini düzəltməsidir. Klub rəhbərliyi də çalışır ki, bu cür turnirlərdə çox iştirak edək".

Qeyd edək ki, "Qarabağ"ın U-15 komandası qrup mərhələsində Rusiya klubları “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE kollektivi ilə bərabərə qalıb – 1:1. 1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən ağdamlılar penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. "Qarabağ" 5-8-ci yerlər uğrunda əvvəlcə yerli “İsloç”a, ardınca Rusiyanın “Baltika” komandasına 1:0 hesabı ilə qalib gəlib.