Pentaqon rəhbəri Brüsselə səfərini ləğv edib

Pentaqon rəhbəri Brüsselə səfərini ləğv edib

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukrayna üzrə təmas qrupunun iclasında və NATO ölkələrindən olan həmkarları ilə görüşlərdə iştirak etmək üçün Brüsselə planlaşdırılan səfərini ləğv edib.

"Report"un xəbərinə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

"Nazir bu həftə Brüsselə getməyəcək", - məlumatda bildirilir.

Ostin sidik kisəsindəki problemlərə görə Uolter Rid Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Nazirin xəstəxanadan buraxılma vaxtı açıqlanmır. O, xəstəxanaya yerləşdirildiyi müddətdə səlahiyyətlərini müavini Ketlin Hiksə həvalə edib.

ABŞ-nin rəhbərlik etdiyi təmas qrupunun görüşü fevralın 14-nə planlaşdırılıb. Görüş Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində baş tutmalıdır.