Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası yaradılır

Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası yaradılır

Fevralın 24-də Brüsseldə azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu - Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası (EAPCA - Euro-Atlantic Partnership Council of Azerbaijanis) təsis ediləcək.

Bu barədə “Birxeber.Az”a təşəbbüs qrupunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov açıqlama verib.

Onun sözlərinə görə, Şura Avro-Atlantik ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının qurultayında yaradılacaq:

“Şuranın yaradılmasında məqsəd Azərbaycana qarşı son zamanlar Qərb dövlətləri tərəfindən intensivləşən hücumlar, Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması, Ermənistanın silahlandırılması kimi hallara, AŞPA və ABŞ tərəfindən Azərbaycana artan təzyiqlərə qarşı mübarizə aparmaqdır. Həmçinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq və lobbiçilik fəaliyyəti də məqsədlərimiz arasında yer alır”.

S.Qasımov bildirib ki, təşkilat NATO ölkələrində fəaliyyət göstərən bir çox Azərbaycan və Türkiyə təşkilatlarının fəaliyyətlərini koordinasiya etmək niyyətindədir: "Şurada Avropa ölkələri ilə yanaşı, digər ölkələrdəki azərbaycanlılar da təmsil olunacaq. Şuranın Baş katibi 5 il müddətinə seçki yolu ilə seçiləcək. Şuranın yaranması üçün təşəbbüs qrupu bir müddətdir fəaliyyət göstərir. Avro-Atlantik Azərbaycanlıların Tərəfdaşlıq Şurası Azərbaycan üçün lobbiçilik fəaliyyəti həyata keçirən bütün təşkilatlara və layihələrə açıq qurum olacaq”.