BTC istismara veriləndən 560 mln. tondan çox neft nəql edilib

BTC istismara veriləndən 560 mln. tondan çox neft nəql edilib

Ötən il ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 120 milyon dollar, əsaslı xərclərə isə 46 milyon dollar vəsait yönəldilib.

Bu barədə “Birxeber.Az-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair 2023-cü ilin nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 561 milyon ton (4,2 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5557 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilikdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib.

“2023-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 30 milyon ton (təxminən 227 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 313 tankerə yüklənilib və yola salınıb”, - hesabatda qeyd olunur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.