Baş katib: “İnanırıq ki, bu dəfə də ermənilərlə oyunlarda uğurlu nəticə qazanacağıq”

Baş katib: “İnanırıq ki, bu dəfə də ermənilərlə oyunlarda uğurlu nəticə qazanacağıq”

“İnanırıq ki, bu dəfə də ermənilərlə oyunlarda uğurlu nəticə qazanacağıq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov aşağı yaş qrupları üzrə milli komandaların Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.

Federasiya rəsmisi U-18-də həm oğlanların, həm qızların, U-16-da isə qızların Ermənistanla eyni qrupa düşmələrinə münasibət bildirib: “Ermənilərlə həm oğlanlar, həm də qızlar dəfələrlə üz-üzə gəliblər. Ötən il də onlara qarşı çıxış etmiş və qələbə qazanmışdıq”.

V.Əzimov B divizionunda çıxış edəcək U-20 yığmasından daha parlaq nəticə gözlədiklərini söyləyib: “Rəqiblərimiz dəfələrlə qarşılaşdığımız komandalardır. Yığmalarımız uğurlu nəticə əldə etmək üçün əllərindən gələni edəcəklər. Hamısından uğurlu nəticə gözləyirik. Xüsusən də U-20 millisi bizə maraqlıdır. Çünki bu komanda daha yüksək liqada mübarizə aparacaq. U-20 yığmamızın yaxşı nəticə ilə pley-offa vəsiqə qazanacağına ümid edirik”.

Baş katib Azərbaycan basketbolunun inkişafda olduğunu sözlərinə əlavə edib: “Azərbaycan basketbolunda olan dirçəliş aşağı yaş qruplarına da sirayət edir. Aşağı yaş qrupları üzrə çempionatlar keçirilib. Uşaq basketbolunda artıq inkişaf var”.

Qeyd edək ki, ötən həftə U-20, U-18 və U-16 yığmaları arasında Avropa çempionatının püşkü atılıb. Qitə birinciliyinin oyunları iyulda keçiriləcək.