BP: AÇG-də yaxşı qaz ehtiyatlarının olduğuna ümid bəsləyirik

BP: AÇG-də yaxşı qaz ehtiyatlarının olduğuna ümid bəsləyirik

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqları blokunda (AÇG) dərin laylarda olan qaz həcmlərinin qiymətləndirilməsi 12 ayadək çəkə bilər.

Bunu "Birxeber.Az-Economics"ə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim Oliri (Jim O'Leary) deyib.

“Biz ümidvarıq ki, orada yaxşı ehtiyatlar var. Buna ümid bəsləyirik. Elə ona görə də, biz bu il ərzində ilk hasilat quyusunu qazacağıq”, - Cim Oliri qeyd edib.

Onun sözlərinə görə, qazılan ilk qiymətləndirmə quyusundan və qazılacaq ilk hasilat quyundan alınan məlumatların qiymətləndirilməsi əsasında AÇG-nin dərin laylarda təqribən nə qədər qaz ehtiyatlarının olduğunu ehtimal etməyə mümkün olacaq. Bu proses də, öz növbəsində 10-12 ay çəkə bilər.

Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması başlanılıb, aprel ayında quyu tamamlanıb.

Bundan başqa, bu ilin ikinci yarısında BP AÇG-də dərin qaz laylarının işlənilməsi çərçivəsində ilk hasilat quyusunun qazmasına başlamağa planlaşdırır. İlk qazın isə gələn ilin əvvəllərində çıxarılacağı gözlənilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.