Qərbi Azərbaycan Xronikası: “Atam, anam və biz uşaqlar dörd-beş aydan sonra görüşdük”

Qərbi Azərbaycan Xronikası: “Atam, anam və biz uşaqlar dörd-beş aydan sonra görüşdük”

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, “Uşaqlığımız kəndimizdəki Nil çayında balıq tutmaqla keçirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Şöhrət Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin Göyçə gölünün qırağında, kənddəki Nil çayının ətrafında balıq tutmaqla, futbol oynamaqla keçdiyini bildirib: “Uşaqlığım ermənilərin içində keçib. Mən uşaq idim, bizə türk deyiblər. Biz də onlara “gavur” deyirdik. Orada azərbaycanlı sözü işlənməyib. Kənddə böyük torf ehtiyatları var idi, orada ermənilər torf fabriki tikmişdilər. Kənd camaatı torfdan yanacaq kimi istifadə edirdi. Kənddə ermənilər və ruslar da yaşayırdılar. Torf fabrikində işləyirdilər”.

Onun sözlərinə görə, erməni qonşuları Qarabağ məsələsi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlıların hamısını ölkədən çıxarılacağını və öldürüləcəklərini deyib: “Danel atama demişdi ki, yəni siz indidən gedin, gəlib öldürəcəklər. 1988-ci ilin fevral ayında hadisələr başlayanda bizim camaat aktivlik etdi. Dərhal sovet qoşunlarını Basarkeçərlə bizim kəndin arasına gətirib oraya qoydular. Üstündən bir müddət keçəndən sonra rusları çıxardılar, saqqallı ermənilər rayonda mərkəz yaratdılar və Alı dayının oğlunu oğurladılar. Kəndə 2-3 dəfə hücum oldu, evləri yandırdılar, postlar qurdular. Bundan sonra camaat çıxmağa başladı”.

Ş.Əliyev kəndi tərk edərkən 10-cu sinifdə oxuduğunu deyib: “Qardaşım Əliyev Eldəniz 8-ci, bacım Əliyeva Şəhla 6-cı sinifdə oxuyurdu. Atam Mail Əliyev, anam Leyli Binnətova kənddən çıxmadılar. Bizi - 3 uşağı maşına qoyub Bala Məzrəyə gətirdilər. Gecə idi, qış idi, qar yağmışdı. Bala Məzrədən Kəsəmənə babamgilə 4-5 kilometr ayaqla getdik. 1988-ci ilin oktyabr-noyabr ayları idi, Azərbaycandan Kəsəmənə vertolyotlar gəldi, biz 3 uşağı vertolyotla Gədəbəyin Rüstəmli kəndinə, oradan da avtobusla Gəncəyə gətirdilər. Bir müddətdən sonra da oradan Sumqayıta gəldik. Atam, anam, biz uşaqlar 4-5 aydan sonra görüşdük. Ermənilər atamı yolda öldürmək istəyiblər. Avtomat silahla boynunun arxasına vurmuşdular”.

Qanlı sakini kəndin məhəllələrindən, bulaqlarından, yer və yurd adlarından söz açıb, daim Vətən həsrəti ilə yaşadığını söyləyib: “Mən oraya qayıdaram və qayıtmaq da istəyirəm. Bütün fikrim-zikrim də odur və qayıdacağam da.

Babamın nəsli bu günə qədər üç dəfə qovulub və geri qayıdıb, kəndi dirçəldib, böyüdüblər. Sonda isə biz nəvələri qovdular. Ona görə də, Göyçəyə, Qanlıya getməyə hazıram və biz qayıtmalıyıq. Mən gedib Qanlıda, Basarkeçər rayonunda “Basarkeçər” televiziyasını yaradıb orada işləyəcəyəm və yaşayacağam”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.